Logo

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub - FOTO

30.04.2024 18:16 192 baxış
IMG

Aprelin 30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş keçirilib.

BMTM-dən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə ikitərəfli dostluq münasibətlərinə toxunan BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə Pakistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli mövqeyinə diqqət çəkib. Onun sözlərinə görə, Pakistan Azərbaycanı açıq bəyanatlarla və çoxtərəfli platformalarda dəstəkləməklə, ölkəmizin ədalətli mövqeyinə birmənalı sadiqliyini ifadə edib. F.Şəfiyev qeyd edib ki, Azərbaycan da Pakistanla bağlı bir çox məsələdə eyni qətiyyətli mövqedən çıxış edir.

Fərid Şəfiyev qonaqlara Cənubi Qafqazın tarixi, hazırkı regional dinamikalar, Azərbaycanın xarici siyasət prioritetləri, habelə nəqliyyat və bağlılıq layihələrinə töhfələri barədə məlumat verib.

Azərbaycanın sülh və çoxtərəfliliyə sadiqliyini vurğulayan BMTM sədri Ermənistanla sülh razılaşmasının əldə olunması, mehriban qonşuluq münasibətlərinin qorunması, eləcə də fəal, praqmatik və balanslı xarici siyasətin Azərbaycanın gündəmində əsas yerləri tutduğunu qeyd edib.

BMTM sədri bəzi dövlətlərin ikili standartlar siyasətinin regionda davamlı sülhə mənfi təsir etdiyini diqqətə çatdırıb.

Hərbi Hava Qüvvələri Akademiyasının baş təlimatçısı Şahin İdrisi isti qarşılanmaya görə təşəkkürünü ifadə edib. O, beynəlxalq münasibətlərdə cərəyan edən hadisələrin öyrənilməsi və uyğun cavab mexanizmlərinin hazırlanmasının vacibliyini qeyd edib. Baş təlimatçı, həmçinin Hərbi Hava Qüvvələri Akademiyası və onun fəaliyyəti barədə məlumat verib.

Toplantı regional və qlobal əhəmiyyət daşıyan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib.

Xəbər lenti