Logo

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

30.04.2024 17:59 221 baxış
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində “IDDA CUP – Bahar 2024” olimpiadası həyata keçirilib. 400-dən çox məktəbli və universitet tələbəsinin iştirak etdiyi olimpiada 6 fərqli universitetin kampuslarında baş tutub.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, yekunda yüksək nəticə göstərən 156 nəfər olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bununla yanaşı, müsabiqədən kənar Respublika Fənn Olimpiadalarının qalibi olan 139 nəfər də “IDDA CUP – Bahar 2024”ün finalında iştirak edəcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagird və tələbələr arasında alqoritmik təfəkkür bacarıqlarının formalaşdırılması, Azərbaycan məktəbli və tələbə komandalarının beynəlxalq proqramlaşdırma müsabiqələrinə hazırlanması, onların komanda rəhbərlərinin təcrübələrinin artırılmasıdır. Eyni zamanda, Azərbaycan ali təhsil müəssisələrini beynəlxalq proqramlaşdırma düşərgələrinin keçirildiyi məkana çevirmək və beynəlxalq səviyyədə tanınmış təlimçiləri Azərbaycana dəvət etmək əsas hədəflərdəndir.

Qeyd edək ki, “IDDA CUP – Bahar 2024” olimpiadası İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramının beynəlxalq olimpiadalara xüsusi hazırlıq proqramı çərçivəsində həyata keçirilir. Proqram proqramlaşdırma, informatika və alqoritmik təfəkkür üzrə beynəlxalq müsabiqələrə sistemli hazırlıq yanaşmasını təqdim edir.

Xəbər lenti