Logo

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

27.04.2024 12:47 184 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında Vətən müharibəsi fondunun materialları nümayiş olunur.

Tehsil.biz xəbər verir ki, bu barədə Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov məlumat verib.

O bildirib ki, yeni elmi ekspozisiyada Birinci Qarabağ müharibəsinə, Aprel döyüşlərinə, Tovuz döyüşlərinə, 44 günlük Vətən müharibəsinə aid materiallar, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarına, qazilərə məxsus müxtəlif əşyalar yer alıb. Onların arasında Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Çingiz Qurbanov, Polad Həşimov, İlqar Mirzəyevə məxsus materiallar da diqqəti cəlb edir.

Ekspozisiyada Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin 2021-ci ildə “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulara məxsus şəxsi materiallar da nümayiş olunur.

Burada xüsusi vitrində işğaldan azad olunmuş ərazilərdə ANAMA tərəfindən tapılmış və muzeyə verilmiş partlamış döyüş sursatları və minalar yer alıb.

Ümumilikdə, ekspozisiyada Vətən müharibəsi fondunun 7 vitrinində 150-dən çox eksponatı təqdim edilir.

Xəbər lenti