Logo

Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

22.04.2024 12:40 121 baxış
IMG

Bakıda fəaliyyət göstərən 157 ümumi təhsil müəssisəsində I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılan məktəblərə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 3 may-3 iyun 2024-cü il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 12 iyun-12 iyul 2024-cü il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.

Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

Məlum olduğu kimi, mayın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə uşaqların qeydiyyatına www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə start veriləcək.

Xəbər lenti