Logo

Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib - FOTO

20.04.2024 21:53 128 baxış
IMG

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi Haaqada klassik musiqi konserti ilə qeyd olunub.

Tehsil.biz xəbər verir ki, Haaqanın qədim Nieuve Kerk kilsəsində təşkil olunmuş konsertdə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev çıxış edərək UNESCO Milli Komissiyasının yaradılmasından, ölkəmizin mədəniyyətindən, dünya mədəniyyətinə töhfəsindən, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinə, mədəniyyətimizin təşviqinə verdiyi töhfələrdən danışıb. O, Azərbaycanın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş muğam, milli musiqi alətləri tar və kamança kimi 23 nümunə haqqında məlumat verib. Səfir Azərbaycan bəstəkarları və onların dünya mədəniyyətinə verdiyi töhfələrdən də söz açıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsert dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından uvertüra ilə başlayıb. Azərbaycanın Əməkdar artistləri Afaq Abbasova, Nərgiz Əliyeva, Ceyla Seyidova, eləcə də beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Asim Xəlilov Ü.Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi dahi bəstəkarların əsərlərini ifa ediblər.

Konsertdə Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Azərbaycan diasporu və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Xəbər lenti