Logo

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

20.04.2024 21:00 126 baxış
IMG

Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent), “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzinin və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif/Author - 2024” IV beynəlxalq elmi-praktik konfransı keçirilib.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. 

Tədbirin açılışında Rospatentin rəhbəri Yuri Zubov, UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, APT-nin prezidenti Qriqori İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin, Rusiya Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Cənubi Afrika Respublikasının Şirkətlər və Əqli Mülkiyyət üzrə Komissiyasının komissarı Rori Voller və başqaları çıxış ediblər.

Sonra M.Fedotovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib. İclasa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Müəlliflik, müəllifliyi qoruma hüququ və müəllif hüquqları” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə müəllifliyin fərdi töhfənin sosial-mədəni tanınması institutu olması, müəlliflik fenomenini sosial-mədəni, yoxsa müəlliflik hüquq təsviri modelini çərçivəsində təmsil etməyin daha səmərəliliyi, müəllifliyi qoruma hüquqlarının mahiyyəti, sənaye mülkiyyəti obyektlərinə münasibətdə müəllifin hüquqlarının qorunması, o cümlədən əqli mülkiyyət sahəsində regional inteqrasiya məsələlərinə toxunulub.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb. Tədbirin moderatoru M.Fedotov bu məruzənin Rusiyanın “Ali İqtisadiyyat Məktəbi”nin elmi jurnalında çap olunmasını tövsiyə edib.

Xəbər lenti