Logo

Adil Kərimli Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb - FOTO

20.04.2024 12:27 114 baxış
IMG

Mədəniyyət naziri Adil Kərimli 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılış mərasimində iştirak edən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Salem bin Xalid əl-Qassimi ilə görüşüb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, birgə mədəni layihələrin təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, görüşdə “Bakı Prosesi” çərçivəsində bu il mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Aprelin 20-dən noyabrın 24-dək keçiriləcək biennale bu il “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında təşkil olunur. XVI əsrin unikal memarlıq abidələrindən Campo della Tanada yerləşən Azərbaycan pavilyonu “Xəzərdən çəhrayı planetə: mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin devizini özündə əks etdirir.

Xəbər lenti