Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib - FOTO

18.04.2024 21:43 101 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclası institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq müəssisədə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar barəsində geniş məlumat verib. Akademik öz çıxışında qeyd edib ki, 2012-2023-cü illər ərzində fəlsəfə doktoru hazırlığı üzrə institutun doktarant və dissertanturasına 102 nəfər qəbul olunub. Təhsil müddəti sona çatanlardan 38-i dissertasiya işini müvəffəqiyyətlə müdafiə ediblər. Elmlər doktoru hazırlığı üzrə isə həmin dövrdə 42 nəfər qəbul olub, onlardan 8-i müdafiə edib. Akademik doktorant və dissertantlar haqqında öz fikirlərini və arzularını iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonra 2024-cü ilin oktyabr ayında keçiriləcək “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” mövzusunda VIII beynəlxalq simpoziuma hazırlıq məsələsi üzrə çıxış etmək üçün sözü professor Akif Əliyevə verib.

Konfransın təşkilat komitəsinin sədr müavini, laboratoriya müdiri professor Akif Əliyev simpozium haqqında çıxış edərək bildirib ki, 2000-ci illərdən bəri bir sıra ölkələr enerji tələbatını ödəmək üçün aydın şəkildə müəyyən edilmiş məqsədləri olan yol xəritələri hazırlamağa başlayıblar. Hazırlanmış yol xəritələrinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinə keçmək istəyi təkcə ekoloji cəhətdən deyil, həm də enerjinin maya dəyərini azaltmaqdan irəli gəlir. Bu proqramın bir hissəsi olaraq 2015-ci ildə Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium (mESC-IS) keçirilməyə başlanmışdır. Simpozium Ankarada Orta Doğu Texnik Universitetində hidrogen və yanacaq elementi sahələrindən, həmçinin akkumulyator və superkondensatorların tədqiqi ilə məşğul olan mütəxəssisləri bir araya gətirdi. Nəticə etibarı ilə, bu simpoziumda plenar iclaslardan geniş istifadə olunmuş və bu ənənə bundan sonrakı illərdə də davam etdirilmişdir. Simpoziumun ilkin olaraq iki ildən bir keçirilməsi planlaşdırılmışdır, lakin Kapadokyadakı toplantıda bu ənənə dəyişdirilmişdir. Simpozium indi hər il - tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir.

Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium Seriyası (həmçinin Yay Məktəbləri) Beynəlxalq Təşkilat Komitəsinin ümumi rəhbərliyi altında təşkil olunur.

Professor Akif Əliyev qeyd edib ki, 2015-ci ildən sonra II beynəlxalq simpoziumun toplantısı 26-28 sentyabr 2017-ci il tarixlərində Türkiyənin Kapadokya bölgəsində keçirilmişdir. Simpozium 23 plenar sessiya və paralel olaraq 79 şifahi təqdimatdan ibarət olmuşdur. Simpoziumun III beynəlxalq toplantısı 10-12 sentyabr 2018-ci ildə Serbiyanın Belqrad şəhərində, 4-cü beynəlxalq toplantısı 11-13 sentyabr 2019-cu ildə Türkiyənin Akyaka-Muğla bölgəsində keçirilmişdir. Simpozium 25 plenar iclas və 105 şifahi təqdimatdan ibarət olmuşdur. 2020-ci ildə dünyada baş verən məlum pandemiya səbəbindən simpoziumun keçirilməsi baş tutmamışdır.

Enerji Saxlama və Çevrilməsi Materialları üzrə V beynəlxalq simpozium 11-14 sentyabr 2021-ci ildə virtual (yəni onlayn) rejimdə keçirilmişdir. Beynəlxalq simpoziumun 6-cı toplantısı 5-8 iyul 2022-ci il tarixlərində Xorvatiyada, 7-ci toplantısı isə 17-21 iyul 2023-cü il tarixlərində yenidən Türkiyənin Akyaka-Muğla bölgəsində baş tutmuşdur. Məhz keçən il Muğlada keçirilən toplantıda simpoziumun 8-ci toplantısının Bakı şəhərində keçirilməsi təklif olunmuş və Beynəlxalq Təşkilat Komitəsi tərəfindən bu təklif qəbul edilmişdir. Ona görə də Bakıda keçiriləcək Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpoziumun 8-ci toplantısı 7-10 oktyabr 2024-cü il tarixinə planlaşdırılmışdır. Əvvəlki illərdə olduğu kimi, bu il də, simpoziumun diqqət mərkəzində üç əsas sahədə - batareyalar və superkapasitorlar, yanacaq/elektrolitik elementlər, enerjinin saxlanması və nəqli üçün hidrogen əldə edilmiş son nailiyyətlərin müzakirəsi nəzərdə tutulur.

Sonra Ekoloji kataliz laboratoriyasının böyük elmi işçisi k.ü.f.d. Bilqeyis İsmayılovanın təqdim etdiyi “Heterogen katalizatorların iştirakında efirləşmə reaksiyaları” adlı kitabı müzakirə edilib və nəşr edilməsi haqqında qərar qəbul olunub.

İclasda, həmçinin yay sesiyası üzrə doktorluq minimum imtahanları üçün doktorant və dissertantların rəhbərləri tərəfindən tərtib olunmuş əlavə proqramlar təsdiq edilib.

Sonda şura üzvləri müsabiqədə iştirak edən əməkdaşların çıxışlarını dinləyib, onların iddia etdikləri vəzifələrə təsdiq olunmaları haqqında qərar qəbul ediblər.

Xəbər lenti