"Məktəblilər “Ədibin Evi”ndə" layihəsi çərçivəsində növbəti görüş “Nizami Gəncəvinin söz kainatı” mövzusuna həsr olunub.
Başı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, paytaxtdakı 96 nömrəli tam orta məktəbin şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın yaşadığı tarixi ünvanda ədibin həyat və yaradıcılığı ilə tanış olub, Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı müzakirələr aparıblar.
Dahi Nizaminin “Xəmsə”sində kainat, səma cismlərinin təsvirləri barədə məktəblilərə məlumat verən 2023-cü ildə keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin və "Texnofest Azərbaycan"ın media üzrə meneceri, Azərbaycan Dəmir Yollarının mətbuat katibi Sənubər Nəzərova bildirib ki, müxtəlif elmlər üzrə geniş biliklərə malik dühanın əsərlərində bu gün bizə məlum olan planetlərin adı hələ əsrlər əvvəl çəkilib. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” kimi poemalardan sitatlar gətirən S.Nəzərova qeyd edib ki, elmə həvəs, mütərəqqi biliklərə yiyələnmək, müasir ölkəmizin inkişafını istiqamətləndirən mühüm amillərdəndir.
Kosmonavtika sahəsinə əhəmiyyətli töhfə verən insanlar haqqında söz açan S.Nəzərova Azərbaycan məktəblilərini mədəni kimliklərini dərindən öyrənməyə və milli dəyərlərimizi qorumağa çağırıb.
Daha sonra “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva şagirdləri görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1941-ci ildə uşaqlar üçün nəsrə çevirdiyi Nizami Gəncəvinin “Xəmsə” poemasının bəzi hissələri barədə məlumat verib.
Vurğulayıb ki, olduqca rəvan dili ilə seçilən əsər uşaq ədəbiyyatı nümunələri kimi işlənilib dili sadələşdirilsə də, orijinal əsərlərin məna yükü böyük ustalıqla saxlanılıb.
Sonda məktəblilərə Mir Cəlalın “İki rəssam” kitabının nüsxələri hədiyyə edilib.
Qeyd edək ki, "Məktəblilər “Ədibin Evi”ndə" layihəsinin əsas məqsədi şagirdlər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.