Logo

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

18.04.2024 20:33 119 baxış
IMG

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün məlumatları sistemli şəkildə toplayır.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, kitabxananın fondunda bu günə kimi 2016-cı ilin Aprel döyüşlərində 89, 2020-ci ilin Tovuz döyüşlərində 12, 2020-ci ilin Vətən müharibəsində 3 minə yaxın şəhid və 100-ə yaxın qazi, 2021-ci ilin Qaraheybət helikopter qəzasında 14, 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş hərbi münaqişədə şəhid olan 80 nəfərin həyat və fəaliyyətini əks etdirən məlumatlar, videomateriallar, fotoşəkillər toplanaraq sənədləşdirilib. O cümlədən, Birinci Qarabağ müharibəsində həlak olan 220 Milli Qəhrəmanın döyüş və həyat yolu ilə bağlı məlumatlar hazırlanıb.

Fondda Ulu Öndər Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin müəllifi olduqları və oxuduqları kitablardan ibarət guşələr mövcuddur.

Bundan əlavə, Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1500-dən artıq kitab, qəzet, jurnal, məqalə və digər materiallar fondda mühafizə olunur və bu istiqamətdə işlər davam etdirilir.

Xəbər lenti