Logo

FHN Bakı Avropa Liseyində təlim keçirib - FOTO + VİDEO

18.04.2024 17:56 127 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyətinin iştirak etdiyi təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Sonra liseyin direktoru Zülfiyyə Veysova heç kəsin fövqəladə hadisələrdən sığortalanmadığını, təhsil müəssisələrində fövqəladə hadisələrlə bağlı aparılan maarifləndirmə tədbirlərinin bu baxımdan vacibliyini vurğulayıb.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib, zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub, şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq təşkil olunur.

Xəbər lenti