Logo

Lənkəran Regional Elmi Mərkəzində növbəti seminar keçirilib - FOTO

17.04.2024 22:16 155 baxış
IMG

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə mərkəzdən bildirilib.

Seminarı giriş sözü ilə Lənkəran REM-nin direktoru Mehman Əliyev açaraq Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Seminara moderatorluq edən Lənkəran REM-nin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Sonra Dendrologiya İnstitutunun İqlimləşdirmə və ekologiya şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Hüseynağa Əsədovun “İqlim dəyişmələri və subtropik bitkilərin keyfiyyət göstəriciləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

Daha sonra Hüseynağa Əsədov seminar iştirakçılarından Lənkəran Dövlət Universitetinin magistrantı Çinarə Səfərli, universitetin IV kurs tələbəsi Fərid Manafov, Lənkəran REM-in şöbə müdiri Aqil Həsənov və mərkəzin baş elmi işçisi Çinarə Rzayevanın suallarını cavablandırıb.

Mərkəzin əməkdaşlarından Mərdan Şirəliyev, Sərraf Talıbov və İdris Hüccətov müzakirə olunan mövzu ilə əlaqədar mülahizələrini söyləyiblər.

Açıq diskussiya və səmimi dialoq şəklində keçən elmi seminarı mərkəzin direktoru Mehman Əliyev yekunlaşdıraraq tədbir iştirakçılarına minnətdarlığını bildirib, ilboyu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonda xatirə şəkilləri çəkilib.

Xəbər lenti