Logo

“Ordubad rayonunun tarixi” kitabı çapdan çıxıb

17.04.2024 22:00 235 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən muxtar respublikanın rayonlarının tarixi öyrənilmiş, bugünədək Şərur, Kəngərli, Culfa rayonlarının tarixi ilə bağlı kitablar nəşrdən çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun həmmüəllifliyi ilə yenicə işıq üzü görən “Ordubad rayonunun tarixi” kitabı bu qəbildən olan sayca dördüncü kitabdır.

Kitab Ordubad rayonunun yaranması, bölgənin tarixi, sosial-iqtisadi və mədəni inkişafı, tarix-mədəniyyət abidələri və başqa mövzuları əhatə edir.

Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, redaktoru professor Fariz Əmirli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və İlhami Əliyevdir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan kitab “Biləv” şirkətinin təsisçisi, texnika elmləri doktoru, professor Fariz Əmirlinin maliyyə dəstəyi ilə “Orxan” NPM tərəfindən çap olunub.

Əsər “Ön söz”, üç fəsil, “Nəticə”, “Ədəbiyyat” və “Şəkillər”dən ibarətdir.

“Ön söz”də 1930-cu ildə Azərbaycanda rayonlaşdırma aparılarkən muxtar respublikada da 4 rayonun yaradılması, sonradan tarixi zərurət nəzərə alınmaqla rayonların sayının artırılaraq 7-ə çatdırılması diqqətə çatdırılır. Kitabın hazırlanmasında istifadə olunan mənbələr ümumi olaraq səciyyələndirilir.

Üç fəsildən ibarət kitabın ilk fəsli “Təbii-iqlim şəraiti”, “Ordubad sözünün etimologiyası”, “Ordubad rayonunun yaranması” və “Ordubad bölgəsinin tarixi oçerki” bölmələrindən ibarət olub, rayonun yaranması və inkişaf tarixini əhatə edir.

“Ordubad rayonunun sosial-iqtisadi inkişafı” adlanan ikinci fəsildə isə sənaye, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, rabitə, energetika və əhalinin sosial inkişafı prosesi izlənilir, aparılan tikinti-quruculuq işlərindən bəhs olunur.

“Təhsil və mədəniyyət” başlıqlı sonuncu fəsil isə “Təhsilin inkişafı”, “Mədəni-maarif müəssisələrinin inkişafı”, “Ədəbi mühit”, “Tarix-mədəniyyət abidələri”, “Turizmin inkişafı” və “Ordubad rayonun şəhidləri” mövzularını əhatə edir.

Kitabın “Ordubad rayonun şəhidləri” adlanan yarımfəslində 1988-2023-cü illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş 61 şəhid haqqında məlumatlar fotoşəkilləri ilə birgə oxuculara təqdim olunur.

Qeyd edək ki, kitabın ərsəyə gəlməsində 200-ə yaxın mənbədən istifadə olunub. Əsər toplanmış arxiv, muzey, statistik və ədəbiyyat materialları, rayonda aparılmış arxeoloji tədqiqatların, eləcə də Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda rayonla bağlı aparılan araşdırmaların nəticələri əsasında hazırlanıb.

Nəşrin sonuna əlavə edilmiş fotoşəkillər Ordubadın zəngin tarixi, müasir inkişafı, tarix-memarlıq abidələri və buradan aşkar olunmuş arxeoloji tapıntılar haqqında oxucularda geniş təəssürat yaratmağa xidmət edir.

Xəbər lenti