Logo

UNICEF: "Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir"

17.04.2024 20:01 170 baxış
IMG

Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında bir ildir davam edən qarşıdurma UNICEF-in hesablamalarına görə, ölkədəki uşaqların 90 faizindən çoxunun təhsildən kənarda qalması ilə nəticələnib.

Tehsil.biz Sinxua agentliyinə istinadən xəbər verir ki, Sudan hazırda dünyanın ən ağır təhsil böhranını keçirir. Sudan Təhsil Nazirliyinin rəsmi statistikasına görə, davam edən silahlı münaqişələr yüzdən çox dövlət və özəl universitetin bağlanmasına, çoxlu sayda təhsil müəssisəsinin dağıdılmasına səbəb olub.

Sudanın təhsil naziri Mahmud Siral-Xatim Əl-Huri son mətbuat bəyanatında Xartum əyalətindəki təhsil müəssisələrinin 40 faizinin dağıdıldığını və sabotaj edildiyini açıqlayıb. Münaqişə nəticəsində ölkədə xeyli sayda müəllim və tələbə öldürülüb.

Mərkəzi Darfur əyalətinin Zalingey Universitetinin mətbuat katibi bildirib ki, universitetin müəllim heyətinin azı on faizi hazırda öz evlərindən didərgin düşüb. Ekspertlər mövcud vəziyyətin aradan qaldırılması üçün bir sıra maneələrin olduğunu və alternativ həll yollarına ehtiyac duyulduğunu vurğulayırlar. Onların fikrincə, distant təhsil və ya universitetlərin bəzi qonşu ölkələrə köçürülməsi bu məsələdə müəyyən həll yolu ola bilər.

Hesablamalara görə, ölkədə təxminən 714 minə yaxın ali məktəb tələbəsi, 136 dövlət və özəl universitet var.

Qeyd edək ki, 2023-cü il aprelin 15-də Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında başlayan qarşıdurma və silahlı qarşıdurmalar nəticəsində təxminən 8,1 milyon nəfər qaçqın düşüb, 14 minə yaxın insan həlak olub.

Xəbər lenti