Logo

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir - FOTO

17.04.2024 17:55 132 baxış
IMG

Aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq elmi konfrans işə başlayıb.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, hibrid formatda keçirilən konfransın açılış tədbirində Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və MDU-nun bir qrup professor-müəllim heyətinin üzvləri, tədqiqatçılar iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, İKSAD-ın direktoru, professor Mustafa Latif Emek, Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı, professor Musa Atar, MDU-da qonaq olan professor Cemal Yılmaz, İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov, MDU-nun alimlərindən Sahib Mustafayev və Almaz Əliyeva çıxış ediblər. Çıxışlarda iki ölkə arasında qurulan mövcud əlaqələrin elm və təhsil sahəsində də uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub və təşkil edilən birgə elmi konfrans bunun bariz nümunələrindən biri kimi dəyərləndirilib. Vurğulanıb ki, qarşılıqlı keçirilən beynəlxalq konfransların ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür.

Professor Mustafa Latif Emek dünyanın tanınmış elm adamlarını sıralarına daxil edən İKSAD-ın müxtəlif sahələrə aid qlobal və regional tədqiqatlar apardığını bildirib, türkdilli dövlətlərin elmi potensialının güclənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, ötən il olduğu kimi, bu il də İKSAD-ın MDU ilə birgə təşkil etdiyi konfransın uğurla keçəcəyinə əminliyini ifadə edib.

Açılış mərasiminin sonunda MDU-nun bir qrup əməkdaşına konfransın təşkilində göstərilən dəstəyə görə İKSAD-ın direktoru Mustafa Latif Emek tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

Sonra bölmə iclasları olub. Bölmə iclaslarının proqramı təhsil və elmi-tədqiqat fəaliyyətləri ilə bağlı milli və beynəlxalq təcrübələr, elm və təhsil sahəsində innovasiyaların tətbiqi, dördüncü sənaye inqilabı və texnoloji inkişaf, rəqəmsal transformasiya, dayanıqlı inkişaf və digər aktual istiqamətlərdə mövzuları əhatə edib.

Azərbaycan və Türkiyə daxil olmaqla, dünyanın 30-dan çox ölkəsinin elm və təhsil qurumları tərəfindən böyük maraq göstərilən beynəlxalq konfransa bütövlükdə 115 məqalə və tezis daxil olub. Üz-üzə 4, onlayn formatda isə 14 olmaqla, ümumilikdə, 18 bölmə iclasının keçirilməsi nəzərdə tutulub.

MDU-nun evsahibliyi və birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans aprelin 18-də onlayn formatda davam edəcək.

Xəbər lenti