Logo

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

16.04.2024 16:34 159 baxış
IMG

Oktyabrın 20-26-da Özbəkistanda Bakı Mühəndislik Universitetinin (BMU) təşkilati dəstək verdiyi “İnformasiya texnologiyaları və riyazi modelləşmə (İTMM-2024)” mövzusunda Aleksandr Fyodoroviç Terpuqov adına 23-cü beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Qarşi Dövlət Universitetində keçiriləcək konfransda BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov və elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov iştirak edəcəklər.

İTMM-2024-də informasiya və telekommunikasiya texnologiyaları üzrə ən son tədqiqatlar və praktiki nəticələrin, riyazi modelləşdirmə, süni intellekt, rəqəmsal iqtisadiyyat, ağıllı sistemlər, robototexnika, proqram mühəndisliyi kimi elmi tədqiqat və texniki sahələrin digər mühüm istiqamətlərinin müzakirəsi nəzərdə tutulur. Həmçinin konfrans elmi bilik və təcrübənin inteqrasiyası, təhsil mühitinin səmərəli inkişafında ali təhsil müəssisələri ilə elmi tədqiqat təşkilatlarının rolunun artırılması, sözügedən sahələr üzrə uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Konfrans çərçivəsində “Müasir stoxastik modellər və aktuar riyaziyyatın problemləri-2024” mövzusunda beynəlxalq simpozium, eləcə də tələbə və gənc alimlərin elmi işlərinin müsabiqəsi keçiriləcək və ən yaxşı məruzələr diplomlarla təltif olunacaq.

BMU ilə yanaşı, konfransın digər təşkilatçıları Rusiya Federasiyasının Tomsk Dövlət Universiteti, Xalqlar Dostluğu Universiteti, V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, Lobaçevski Dövlət Universiteti, Sibir Federal Universiteti, Özbəkistanın Qarşi Dövlət Universiteti və Şahrisabz Dövlət Pedaqoji İnstitutudur.

Qeyd edək ki, görkəmli alim A.F.Terpuqov konfransın ilk təşkilatçılarından biri olub. O, Tomsk Dövlət Universitetinin əməkdar professoru, ehtimal nəzəriyyəsinin tətbiqi sahəsində elmi məktəbin banisi, məşhur Sibir tətbiqi ehtimal nəzəriyyəsi məktəbinin rəhbəri, həmçinin Rusiya Federasiyasının Əməkdar elm xadimidir.

Xəbər lenti