Logo

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib - FOTO

16.04.2024 12:51 122 baxış
IMG

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılış mərasimi keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, proqram fəaliyyəti Xəzər regionu ilə bağlı olan 18 ölkənin xarici diplomatlarını, akademik qurumlarının və beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirib.

Təmsil olunan ölkələr sırasında Xorvatiya, Macarıstan, Moldova, Misir, Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələri qeyd etmək mümkündür.

Açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramı müxtəlif qitələr arasında humanitar körpü rolunu oynayır. Diplomatlara təkcə ölkəmizi deyil, geniş Xəzəryanı regionu yaxından tanıdır. Fariz İsmayılzadə Macarıstan, Moldova, Tacikistan, İordaniya, Pakistan və Braziliyanın ölkəmizə təyin edilmiş səfirlərinin açılışda iştirak etməsinin proqrama olan etimadın göstəricisi olduğunu söyləyib.

İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva ADA Universitetinin, İnkişaf və Diplomatiya İnstitutunun və eləcə də açılışı baş tutan proqramın tarixçəsinə toxunub. O bildirib ki, “Xəzər Hövzəsi Araşdırmaları” proqramının metodologiyası akademik və praktiki yanaşmanı balansda saxlayaraq iştirakçıları qrup işinə və Xəzəryanı ölkələr barədə araşdırmalar aparmağa sövq edir. Proqram bu yolla fərqli qitələri təmsil edənlər arasında həm peşəkar əlaqələrin qurulmasını təmin edir, həm də onların regionun tarix və mədəniyyəti, etnik və demoqrafik quruluşu ilə bağlı biliklərini dərinləşdirir.

Qeyd edək ki, iştirakçılar ADA Universitetinin professor-müəllim heyətinin, İnkişaf və Diplomatiya İnstitutunu təmsil edən ekspertlərin, eləcə də müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərinin yüksək səlahiyyətli nümayəndələrinin mühazirələrini dinləyəcəklər. Həmin mühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu, həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çox aktual mövzuları əhatə edəcək.

Proqram çərçivəsində iştirakçılar Qarabağ bölgəsinə səfər edərək oradakı bərpa və quruculuq işlərini müşahidə edəcəklər.

Xəbər lenti