Logo

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir

16.04.2024 12:13 157 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Tehsil.biz xəbər verir ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər. Dissertanturada hazırlıq UNEC-də işləməyən şəxslər üçün ödənişlidir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2024-cü ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanın 2, 3 və 4 sentyabr 2024-cü il tarixlərində, “İxtisas” fənnindən imtahanın isə 9, 10 və 11 sentyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Doktorantura və ya dissertanturaya sənədlərin təqdim olunması 16 aprel - 15 may 2024-cü il tarixlərində www.portal.edu.az platforması üzərindən aparılacaq. Sənədlər elektron formada (pdf) yüklənməlidir.

Qəbulla bağlı ətraflı məlumatı news.unec.edu.az saytının elanlar bölməsindən və ya UNEC-in Doktorantura şöbəsinə müraciət edərək öyrənmək olar.

Xəbər lenti