Logo

Ege Universitetində Azərbaycanla bağlı sərgi-konfrans keçirilib - FOTO

16.04.2024 11:49 161 baxış
IMG

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, İzmir Azərbaycan Dərnəyi, Quba Soyqırımı Memorial Kompleksi və Azərbaycanın Türkiyədəki Səfirliyinin birgə təşkilatçılığı ilə aprelin 15-i İzmir şəhərində yerləşən Ege Universitetində “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən qırğınlar və deportasiyalar” başlıqlı sərgi-konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirin açılışında çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay, Ege Universitetinin prorektoru Prof. Dr. Mehmet Ersan və Azərbaycanın Türkiyədəki Səfirinin Təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova öz nitqlərində bu tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə Türkiyə ictimaiyyətinin ətraflı məlumatlandırılması və Azərbaycan həqiqətlərinin Türkiyə gənclərinə çatdırılmasından ibarət olduğunu vurğulayıblar.

Açılış nitqlərindən sonra panel müzakirələri başlayıb. Paneldə çıxış edən Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ege Universitetinin Türk Dünyası Araşdırmalar İnstitutunun Türk Dünyası Sosial, İqtisadi və Siyasi Əlaqələr şöbəsinin müdiri Prof. Dr. Vefa Kurban və Ege Universitetinin Atatürk Əsasları və İnqilab Tarixi Tətbiq və Araşdırma Mərkəzi müdiri Prof. Dr. Nuri Karakaş panel iştirakçılarına XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə ətraflı məlumat veriblər.

Panel yerli ictimaiyyət və universitet tələbələri tərəfindən maraqla qarşılanıb.

Konfransın sonunda iştirakçılar azərbaycanlıların soyqırımı hadisələrini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

​​​​​​

Xəbər lenti