Logo

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün qəbul elan edib

16.04.2024 11:26 344 baxış
IMG

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün tələbə qəbulu elan edib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, həmin universitetdə bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16-22 aprel (şənbə və bazar günləri istisna olmaqla) tarixlərində tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə, mövzu bölməsində “MDBƏİ” yazmaqla qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətləri göstərilən arayış;

3. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədi;

4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);

5. Əlaqə məlumatları.

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2024-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Buraxılış imtahanında (3 və 10 mart) topladığı balı 200 və daha artıq olan abituriyentlərlə (2023-cü il məzunları – ötən ilki nəticə əsasında) onlayn müsahibə keçiriləcək (tarixi barədə məlumat veriləcək). Müsahibədə namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dilləri üzrə danışıq bacarıqları yoxlanılacaq.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

Xəbər lenti