Logo

"Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı” üçün hazırlanan metodik vəsaitin təqdimatı olub - FOTO

16.04.2024 10:31 139 baxış
IMG

Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün metodik vəsaitin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə proqram haqqında məlumat verib. DİM sədri bildirib ki, imtahan vətəndaşların Azərbaycan dilini hansı səviyyədə bilməsini müəyyənləşdirməyə imkan verəcək. Hazırda elmi pedaqoji heyət arasında aparılan müzakirələrdən sonra imtahan keçiriləcək.

Proqramın və test modelinin həmmüəllifi Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” proqramının redaktoru Jalə Qəribova təqdim olunan vəsaitin faydalarından danışıblar.

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildiriblər ki, bu kitab əcnəbilərin Azərbaycan dilini bilmə səviyyəsinin müəyyənləşdirilməsinə, dilimizin sevilməsinə, işgüzar dilə çevrilməsinə kömək göstərəcək.

Qeyd edək ki, Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşanlar üçün nəşr edilən metodik vəsait Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

Metodik vəsait səviyyələr üzrə Azərbaycan dili imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib, onların rəy və tövsiyələri nəzərə alınmaqla, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.

Xəbər lenti