Tokio Tibb və Dental Universitetinin alimləri ağız sağlamlığı ilə ürək arasında əhəmiyyətli əlaqə aşkarlayıb.
Tehsil.biz xəbər verir ki, bu barədə “International Journal of Oral Science” jurnalında nəşr olunan bir araşdırmada bildirilir. Yaponiyalı tədqiqatçılar ümumi ağız patogeninin koronar ürək xəstəliyinin səbəb olduğu infarktdan sonra bərpa prosesinə mane ola biləcəyini müəyyənləşdirib.
Ürək əzələlərini lazımi qida və oksigenlə təmin edən koronar arteriyalar tıxandıqda infarkt baş verir. Tutulma ürək əzələsinin əsas qidalardan məhrum olması ilə nəticələnir və miyositlər kimi tanınan hüceyrələrin ölümünə səbəb olur.
Bu tədqiqat “Porphyromonas gingivalis” adlanan ağız bakteriyası üzərində qurub. Belə ki, həmin bakteriya ürəkdə də aşkar edilib. Onun infarktdan sonra ürəyin bərpasına təsir göstərdiyini sübut edən araşdırma ümumi ağız infeksiyası ilə mübarizənin ölümcül ürək ağırlaşmaları riskini azaltmaqda fayda verəcəyini göstərir.
Tədqiqat təkcə ağız sağlamlığı ilə ümumi rifah arasındakı əlaqəni deyil, həm də ürək sağlamlığını qorumaq üçün müntəzəm diş baxımının vacibliyini vurğulayır.