Logo

Qiymətləndirmə vasitələri ilə bağlı hazırlıq kurslarına qeydiyyat müddəti uzadılıb

15.04.2024 11:17 198 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat müddəti mayın 4-dək uzadılıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrin magistrantları iştirak edə bilərlər.

Hazırlıq kurslarında iştirak ödənişlidir və məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənin DİM-in saytında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat “epayment.dim.gov.az” saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün “Elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.

Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrin magistrantları üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.

Xəbər lenti