Logo

ADA Universitetində “Qida Təhlükəsizliyi” simpoziumu keçiriləcək - FOTO

13.04.2024 11:21 292 baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” simpoziumu təşkil ediləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, aprelin 26-da ADA Universitetində başlayacaq tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” və “Şəkər istehlakının azaldılması yolları” mövzularında panellər təşkil olunacaq.

Panellərdə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Uşaq yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası müdiri, tibb elmləri namizədi Şəhla Balayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramların rəhbəri Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, həkim-pediatr Qoşqar İsmayılov, həkim-diyetoloq Tutu Zeynalova, qida üzrə mütəxəssis Fərid Səfərov və araşdırmaçı, marketinq eksperti Orxan Şahbaz çıxış edəcək, müvafiq mövzular ətrafında müzakirələr aparılacaq.

Simpoziumda panel və müzakirələrdə iştirak etmək istəyən dinləyicilərin iştirakına şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyənlər aprelin 22-si saat 17.00-dək https://forms.gle/7GTDAkSUXc2tEo546  linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənən şəxslərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.

Xəbər lenti