Logo

MDU-da narkomaniya ilə mübarizəyə həsr edilmiş elmi-praktik seminar keçirilib- FOTO

12.04.2024 23:19 170 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) ˝Gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması˝ mövzusunda  elmi-praktik seminar keçirilib.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev giriş sözü ilə çıxış edərək sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin önəmli rolundan danışıb və respublika miqyasında bu istiqamətdə ciddi və kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Daha sonra bəşəriyyətin ciddi bəlasına çevrilən narkomaniyanın bir çox faciəvi fəsadlara gətirib çıxardığını qeyd edib. Narkomaniya ilə mübarizədə ictimaiyyətin bütün üzvlərinin səylərinin birləşdirilməsinin zəruriliyindən danışan V.Mustafayev bu istiqamətdə maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb və hazırki seminarın əhəmiyyətini vurğulayıb.

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU hüquqşünası Polad Atayev “Narkomaniyanın fəsadları və  narkomaniyaya qarşı təbliğat” və müəllim Hüseyn Əsgərov  “Narkomaniya- mənəviyyatı məhv edən ümumbəşəri bəla” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizə üsulları və digər məsələlər haqqında ətraflı məlumat verilib.

Məruzə ətrafında aparılan müzakirələrdən sonra Narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Xəbər lenti