Logo

Qarabağ qazisi məzunu olduğu universitetdə

10.04.2021 13:50 510 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) II Qarabağ müharibəsinin qazisi, universitetin pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almış Pərviz Əliyevlə görüş keçirilib.

 

BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən ətraflı bəhs edib. H.Orucov Qarabağ döyüşlərinin iştirakşısı P.Əliyevin universitetin ən aktiv tələbələrindən biri olduğunu, həmişə ictimai fəallığı ilə seçildiyini, keçirilən kütləvi tədbirlərdə uğurla çıxış etdiyini yada salıb. Prorektor BMU tələbəsinin işğal altında olan torpaqların  azad edilməsi uğrunda şücaət və rəşadətlə vuruşduğunu, Füzuli istiqamətindəki döyüşlərdə başından aldığı snayper gülləsi  ilə ağır yaralandığını bildirib. Pərvizin Vətən müharibəsində göstərdiyi igidliklərdən danışan prorektor universitetin bütün kollektivinin onunla qürur duyduğunu bildirib.

 

Tədbirdə çıxış edən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə 44 günlük Vətən müharibəsində gəncliyin oynadığı mühüm rola toxunaraq vurğulayıb ki,  müstəqillik illərində yetişmiş və güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış gənc nəsil torpaqlarımızın azadlığa qovuşmasında böyük şücaət göstərib. Bu cür fəxr ediləsi keyfiyyətlərə malik cəsur gəncliyin Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olduğunu bildirən prorektor xatırladıb ki, dövlət başçısı  Vətən müharibəsində gəncliyin rolunu olduqca yüksək dəyərləndirib. Qarabağ qazisinin görüşdə iştirak edən valideyininə, yaxınlarına universitetin rəhbərliyi adından dərin təşəkkürlərini bildirən B.Hüseynzadə Pərvizin bütün fəaliyyətini yaxından izlədiklərini və onun daim təhsil aldığı müəssisənin kollektivi tərəfindən  diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

 

Qarabağ qazisi P.Əliyev istər müharibə zamanı, istərsə də döyüşdə yaralanandan sonra müalicə aldığı dövrdə BMU kollektivinin dəstəyini daima öz üzərində hiss etdiyini qeyd edərək, göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, keçdiyi döyüş yolundan danışaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Böyük Zəfərə imza atdığını vurğulayıb. Sonra P.Əliyev təhsilini BMU-nun magistratura pilləsində davam etdirmək niyyətində olduğunu bildirib.

 

Görüşün sonunda Qarabağ qazisinə BMU-nun bakalavr diplomu və universitet adından hədiyyələr təqdim olunub.

Xəbər lenti