Logo

ABŞ mətbuatı BMT-də Qərbi azərbaycanlıların problemlərinin işıqlandırıldığını yazıb

11.04.2024 18:30 301 baxış
IMG

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Ramil Həsən bu yaxınlarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumundakı çıxışında bəyan edib ki, Ermənistanın bir milyondan çox azərbaycanlını, o cümlədən 300 min insanı öz ərazisində etnik təmizləməyə məruz qoyması bu ölkənin qeyri-sülhsevər və inkluziv cəmiyyət quruculuğundan uzaq ölkə olduğunu isbatlayır.

Tehsil.biz xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.

"Beynəlxalq ictimaiyyət Qərbi Azərbaycan icmasının acınacaqlı vəziyyətini işıqlandırır" sərlövhəli məqalədə qeyd olunub ki, Qərbi azərbaycanlıların nümunəsində əhalinin məcburi yerdəyişməsi BMT-nin inkişaf məqsədlərinə nail olunmasına mane olan əsas problemlərdəndir. Qərbi Azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə dair beynəlxalq ictimaiyyətə çağırışın edildiyi yazıda vurğulanıb ki, soydaşlarımızın indiki Ermənistanda öz evlərinə qayıtmasına imkan yaradacaq şəraitin yaradılması region xalqlarının insan haqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə həmçinin diqqətə çatdırılıb ki, beynəlxalq öhdəliklərinə məhəl qoymayan Ermənistan irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının qarşısını alır, bəşəriyyətə qarşı cinayətlər, o cümlədən azərbaycanlılara qarşı terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri dövlət səviyyəsində vəsf, njdeizm kimi irqçi ideologiyanı təbliğ edir.

Tanınmış politoloq yazısında Ermənistandan azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyi və barışıq üçün zəruri addımları atmağı, doğma torpaqlarından qovulmuş soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün şərait yaratmağı və məhv edilmiş Azərbaycan mədəni irsini bərpa etməyi tələb edib.

Xəbər lenti