Logo

BMU-da “Sözün gücü” tələbə klubunun açılışı olub

10.04.2024 14:56 223 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının nəzdində “Sözün gücü” adlı ilk tələbə klubunun açılışı və “50 milyon insanı birləşdirən dil“ adlı tədbir keçirilib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə dil siyasəti istiqamətində aparılan məqsədyönlü fəaliyyətdən söz açaraq, rəsmi dövlət dili statusunu alan Azərbaycan dilinin geniş tətbiqi və inkişafı üzrə müxtəlif tədbirlərin keçirildiyini bildirib. BMU-da 15 tələbə klubunun fəaliyyətindən danışan prorektor hər klubun tələbələrin maraq göstərdikləri sahə üzrə inkişafına, təkmilləşməsinə xidmət etdiyini deyib. Bu baxımdan yeni yaranan “Sözün gücü” klubunun da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Bayram Hüseynzadə klub üzvlərinə uğurlar arzulayıb.

Çıxışdan sonra “Sözün gücü” tələbə klubunun sədri, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Rüstəm Yusifzadə klubun İdarə Heyətinin tərkibi, həmçinin fəaliyyət istiqamətləri ilə tədbir iştirakçılarını tanış edib. Qeyd olunub ki, klubun vəzifələrinə mili-mənəvi dəyərimiz olan dilin qorunması, akademik mühitdə dildən düzgün istifadəni təmin etmək, tələbələrin nitqinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlərin təşkili və s. kimi istiqamətlər daxildir.

BMU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri filologiya elmləri doktoru, professor Təranə Hacıyeva isə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə diqqət çəkib. Dilimizin azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı ilə bağlı vacib məqamları önə çəkən professor gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsinin əhəmiyyəti, dilin saflığı, qorunması və zənginləşdirilməsi kimi məsələlərdən danışıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva isə “Ana dilimiz milli sərvətimizdir” mövzusunda çıxış edib. Mərkəz rəhbəri ali təhsil müəssisələrində nitq mədəniyyətinin tədrisi, başqa dillərin doğma dilimizə mənfi təsirləri, Azərbaycan dilinin düzgün tətbiqinin vacibliyi, insanlar arasında ana dilində səlis danışıq qabiliyyətinin inkişaf etdiriməsi və s. kimi məsələlərə toxunub.

Sevinc Əliyeva BMU-nun Azərbaycan dilinin saflığının qorunması, düzgün tətbiqi istiqamətində fəaliyyəti və ümumi səylərini yüksək dəyərləndirib. O, bu sahədə ilk klub olan “Sözün gücü”nə uğurlar arzulayıb, həmçinin klub üzvlərini döş nişanları, klubu isə fəxri diplomla təltif edib.

Tədbirin sonunda Monitorinq Mərkəzinin rəhbəri Azərbaycan dilinin ifadə imkanları və dövlət dili kimi tətbiqi vəziyyəti ilə bağlı tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti