Logo

AzTU fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir

09.04.2024 19:47 230 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmaq potensialına malik və “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

– kadrların şəxsi qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);

– iş yerindən xasiyyətnamə;

– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

– çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin nəşr edildiyi jurnaldan çıxarılan surətləri əlavə edilməklə). Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır. Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid mövzu üzrə referat təqdim etməlidirlər.

– ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).

Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.

Plan yerləri və elektron sənəd qəbulu üzrə videotəlimatla AzTU-nun saytındakı keçid vasitəsilə tanış olmaq mümkündür. Sənədlərin qəbuluna aprelin 16-dan başlanır və mayın 15-dək davam edəcək.

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutuna müraciət edə bilərlər.

Xəbər lenti