Logo

“Dünyanı yenidən yaşıl edək” mövzusunda beynəlxalq fotomüsabiqə elan edilib

08.04.2024 10:26 145 baxış
IMG

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək vermək məqsədilə “Dünyanı yenidən yaşıl edək” (Make World green again) adlı beynəlxalq fotomüsabiqə elan edir.

Tehsil.biz xəbər verir ki, bu barədə İctimai Birlikdən bildirilib.

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayədarlığı ilə keçirilən fotomüsabiqənin mövzusu və məqsədi dünyada baş verən iqlim dəyişmələrini insanlara fotolar vasitəsilə çatdırmaqdır. Dünyanın müxtəlif ölkələrindən olan bütün fotoqraflar əsərləri ilə bu müsabiqədə iştirak edə bilərlər. Fotomüsabiqəyə sel və daşqınlar, quraqlıqlar, səhralaşmalar, meşə yanğınları, buzlaqların əriməsi, Ozon təbəqəsi, təbii su ehtiyatlarından qeyri-səmərəli istifadə, günəş və külək elektrik stansiyaları, təbiətə atılan tullantılar və onların idarə olunması, havaya buraxılan qazlar və s. kimi fotolar qəbul olunur.

Yarışmaya fotolar bu ilin sentyabr ayına kimi qəbul olunacaq. Fotolar Azərbaycan, Türkiyə, İtaliya, Yunanıstan və Şimali Makedoniyadan olan 5 peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Noyabr ayında isə COP29 tədbiri günlərində fotosərginin keçirilməsi də nəzərdə tutulur.

Müsabiqəyə qoşulmaq istəyənlər linkə keçid edə bilərlər.

Xəbər lenti