Logo

BDU-nun əməkdaşı Makedoniyanın Müqəddəs Kiril və Mefodi Universitetində tədqiqat aparacaq

27.03.2024 16:19 145 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) proqramının “Qısamüddətli elmi missiya” səfər qrantının qalibi olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Orxan Güləhmədov sentyabrın 10-30-da Makedoniyanın Skopye şəhərindəki Müqəddəs Kiril və Mefodi Universitetində “Neylon/CNT təbəqələrindən istifadə etməklə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” (Enhancement of triboelectric nanogenerators by using Nylon/CNT films) mövzusu üzrə həmin universitetin professoru Jadranka Blazevska Gilev ilə birgə təcrübi-tədqiqat işləri həyata keçirəcək.

Karbon nanoboruların (CNT) neylon matrisinə inteqrasiyası və onların triboelektrik nanogeneratorlarda (TENG) istifadəsi enerjinin çevrilmə səmərəliliyini artırmaq üçün yeni bir yanaşmadır. Bu səfər qrantının əsas elmi hədəfi belə nanokompozit materialların TENG-lərin çıxış parametrlərinə təsirini aydınlaşdırmaq və optimallaşdırmaqdır. Yaxşı elektrik keçiriciliyi və mexaniki davamlılığı sayəsində CNT-lər yüklərin ayrılması və yığılması ilə bağlı TENG-lərdə mövcud problemləri həll etmək potensialına malikdir.

Xəbər lenti