Logo

“İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

18.03.2024 11:09 131 baxış
IMG

Mayın 22-23-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə “Görkəmli tədqiqatçı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Folklor İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, konfrans “Əta Tərzibaşı – həyatı, ədəbiyyatşünaslıq irsi, folklorşünaslıq fəaliyyəti, mətbuat sahəsindəki yaradıcılığı”, “İraq türkmanlarının dili”, “İraq-türkman folkloru” və “İraq-türkman ədəbiyyatı” mövzularını əhatə edəcək. Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət tezislərini aprelin 20-dək [email protected] ünvanına göndərə bilərlər. Tezislərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə aprelin 25-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Məruzələrin tam mətni iyunun 25-dək təqdim edilməlidir.

Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaq.

Qeyd edək ki, İraq türkmanlarının və bütövlükdə Türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Əta Tərzibaşı xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, tarix, ədəbiyyat, mətbuat və s. kimi mühüm sahələrdə yorulmadan çalışıb və fundamental əsərlər yaradıb.

İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan bu görkəmli elm fədaisi əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınıb, xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirib.

XX əsrin 50-ci illərinədək İraq-türkman dili, tarixi, ədəbiyyatı, folkloru, ümumiyyətlə mədəniyyət tarixi sistemli şəkildə araşdırılmayıb, bu sahədə ciddi tədqiqatlar aparılmayıb. Etnik yaddaşda qorunub saxlanan, milli ruhu və milli zövqü əks etdirən bu zəngin mədəniyyət xəzinəsinin yazıya alınıb araşdırılmasını bir vətəndaşlıq vəzifəsi kimi dəyərləndirən görkəmli araşdırıcı Əta Tərzibaşı bütün mənalı ömrünü təmənnasız olaraq İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr edib.

Xəbər lenti