Logo

Proqramlaşdırma üzrə olimpiadalara hazırlıq istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub - FOTO

14.03.2024 21:12 155 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) proqramlaşdırma üzrə olimpiadalara hazırlıq məqsədilə yaradılan İnformatika Olimpiada Mərkəzinin fəaliyyəti ilə bağlı toplantı keçirilib. 

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, toplantıda Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Olimpiadasına hazırlığı istiqamətində AzTU-da aparılan işlər müzakirə olunub.

Olimpiadanın əhəmiyyətindən danışan rektor Vilayət Vəliyev universitetdə bu məqsədlə görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu istiqamətdə yeni strukturlar yaradılıb, istedadlı tələbələrin aşkarlanması və inkişaf etdirilməsi üçün məqsədyönlü işləri həyata keçirilib.

Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Olimpiadasının Azərbaycan üzrə koordinatoru Etibar Seyidzadə beynəlxalq təcrübədə bu istiqamətdə atılan vacib addımları qeyd edib, həmçinin Cənubi Qafqaz universitetlərinin proqramlaşdırma olimpiadası (ICPC) haqqında məlumat verib.

Toplantıda iştirak edən AzTU müəllimləri tələbələrin respublikadaxili, regional və beynəlxalq olimpiadalara hazırlanması üçün AzTU-da görüləcək işlər, universitetdə proqramlaşdırma və informatika üzrə keçiriləcək yarışların formatı və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Sonda toplantı iştirakçıları İnformatika Olimpiada Mərkəzinə baxış keçiriblər.

Xəbər lenti