Logo

Sağlamlıq imkanları məhdud uşaqlara dəstək və dostluq mesajı - FOTOLAR

05.03.2024 23:16 168 baxış
IMG

Paytaxtdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbində “Həyat sizinlə gözəldir” adlı tədbir keçirilib.

Bu barədə."Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Bakı şəhəri 193 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında “Tıq-Tıq xanım” tamaşası nümayiş olunub.

Daha sonra 12 nömrəli Xüsusi internat məktəbi ilə Bakı şəhəri 193 nömrəli tam orta məktəb arasında əməkdaşlıq əlaqələrinin qurulması, sağlamlıq imkanları məhdud uşaqların digər şagirdlərə inteqrasiya olunması məqsədilə “Qardaşlaşmış məktəblər” müqaviləsi bağlanıb.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov uşaqların intellektual inkişafında, dəyərlərə hörmət və vətənpərvərlik ruhunda böyüməsində, onlara Vətən, torpaq sevgisinin aşılanmasında, dünyagörüşlərinin genişləndirilməsində, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında belə fəaliyyətlərin rolunun danılmaz olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, “Qardaşlaşmış məktəblər” müqaviləsi sayəsində hər iki məktəbin pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı xarakter alacaq, məktəblərdə birgə təcrübə və informasiya mübadiləsi aparılacaq.

Tədbir 193 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Xəbər lenti