Logo

“Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb

04.03.2024 17:00 226 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb.

Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dəyərlərimizi qoruyaq!”, həmçinin “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, dəyirmi masa, diskussiya, intellektual müsabiqə, yarış və sosial aksiyalar, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması, “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festivalın keçirilməsi planlaşdırılır.

“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş ümumi təhsil müəssisələri, eləcə də UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlər, “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi günləri təşkil olunacaq.

Həmçinin layihə çərçivəsində məktəblərə mövzu ilə bağlı layihələrin, istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərimizin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşaların nümayişi də nəzərdə tutulur.

Xəbər lenti