Logo

BDU-nun tələbələri Coğrafiya İnstitutunda təcrübə keçirlər

04.03.2024 10:07 177 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, hər il olduğu kimi, bu il də universitet tələbələri istehsalat təcrübəsi keçmək üçün Coğrafiya İnstitutuna gəliblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Fevralın 21-dən etibarən təcrübəyə başlamış 55 nəfərdən ibarət Coğrafiya fakültəsinin buraxılış kurs tələbəsi mayın 24-dək institutun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəcək, təhsil müəssisəsində əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirəcəklər.

Tələbələr institutun şöbə və bölmələri, elmi kitabxanası, laboratoriyaları ilə tanış olub, təcrübənin proqramı, görüləcək işlər, müəssisənin strukturu, məşğul olduğu elmi sahələr, aparılan elmi tədqiqat işləri, elmi nailiyyətlər, korifey alimləri, coğrafi problemlər və s. haqqında Təhsil şöbəsinin müdiri dosent Müseyib Yunusov və elmi katib dosent Zərnurə Həmidovadan məlumatlar alıb, verdikləri tövsiyələri dinləyiblər.

3 ay sürəcək təcrübə müddətində tələbələr tanınmış alimlərin mühazirələrini dinləyəcək, coğrafi bilik və bacarıqlarını artıracaqlar.

Xəbər lenti