Logo

DİM-in Azərbaycan dili bacarıqları üzrə tələblərə dair proqramı Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyata alınıb

01.03.2024 16:30 137 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modeli işlənib-hazırlanıb.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ondan kənarda Azərbaycan dilini öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Məlum olduğu kimi, dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların, dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR) istifadə olunur.

Sözügedən proqram və imtahan modeli də CEFR (The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib. Proqramda CEFR normativləri Azərbaycan dili üzrə dil qaydalarına uyğunlaşdırılaraq təqdim olunub.

CEFR-ə əsasən, dil üzrə bilik və bacarıqlar A1-C2 arası 6 səviyyədə qruplaşdırılır:

A1 – A2 (aşağı səviyyə);

B1 – B2 (orta səviyyə);

C1 – C2 (yuxarı səviyyə).

CEFR-də olduğu kimi, bu proqramda da 6 dil səviyyəsi – A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Hər bir səviyyə əsas dil bacarıqlarını: dinləmə, oxu, danışıq və yazı bacarıqlarını təsvir edən hissələrdən ibarətdir.

DİM tərəfindən keçiriləcək imtahanlar sayəsində bu dili öyrənənlərin qeyd edilmiş bacarıqları hansı səviyyədə mənimsədikləri müəyyən olunacaq və iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” proqramı Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.

Növbəti həftə ərzində Mərkəz tərəfindən proqramın təqdimatı həyata keçiriləcək və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Xəbər lenti