Logo

BDU-da suyun oksidləşmə proseslərində son nailiyyətlərə dair elmi seminar keçirilib

01.03.2024 13:36 182 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə seminarlar davam edir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, BDU-nun professor-müəllim heyətinin, doktorantlarının, gənc tədqiqatçılarının və tələbələrinin iştirakı ilə “Fotosistem II və suyun oksidləşmə proseslərində son nailiyyətlər” mövzusunda mühazirə dinlənilib.

Məruzəçi, İsveçin Uppsala Universitetinin Anqstrem laboratoriyasının Kimya kafedrasının professoru Fikrət Məmmədov biosferin formalaşmasına əsaslı təsir göstərən fotosintez prosesinin təkamülü haqqında məlumat verib. Qeyd edilib ki, Fotosintez prosesi planetimizi oksigenlə təmin edən ən mühüm proses olub, yaşıl bitkilər, yosunlar və sianobakteriyalar tərəfindən həyata keçirilir. Hazırda fotosintez prosesinin molekulyar mexanizmini anlamaq, effektivliyini artırmaq məqsədilə çoxsaylı elmi tədqiqatlar aparılır. Mühazirədə fotosintez prosesinin ən son nailiyyətləri müzakirə edilib.

Professor diqqətə çatdırıb ki, ötən əsrdə suyun oksidləşmə reaksiyasının mexanizmlərinin kəşfindən sonra prosesi anlamaq üçün spektroskopik, biofiziki və biokimyəvi metodların geniş spektrindən istifadə edilib. Son illərdə təkmilləşən ardıcıl femtosaniyə kristalloqrafiyası metodu fotosintezdə suyun oksidləşməsi mərhələlərini molekulyar səviyyədə tədqiq etməyə imkan verib.

Mühazirənin sonunda professor Fikrət Məmmədov iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti