Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyət yerlərinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, həmçinin təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılıb.
Komissiyanın qəbul etdiyi qərara əsasən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsi üçün 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçib, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət olunması nəzərdə tutulur.
Təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifəsi üçün komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-2,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar.
Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Qeyd edək ki, 5 iş günü ərzində saat 09:30-dan 12:30-dək BŞTİ-də təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə yaranan şikayətlərə baxılacaq.