Logo

DİM sədri “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadasının qaliblərini mükafatlandırıb

07.04.2021 15:49 364 baxış
IMG

Dövlət İmtahan Mərkəzi 2020-ci ildən başlayaraq beynəlxalq tərəfdaşı olan Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) təşkil etdiyi “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadasının ölkədə təbliğ olunması və qalib olan yerli iştirakçıların mükafatlandırılmasına dəstək verir.

 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən 6 aprel 2020-ci ildə keçirilmiş rus dili fənni üzrə SPDU II beynəlxalq onlayn olimpiadasında Azərbaycanı təmsil edən 293 nəfərdən uğur qazanan 24 nəfərə DİM-in sınaq imtahanları üçün xüsusi vauçer, diplom, xatirə mükafatları, rus dilinə aid dərs vəsaitləri və “Rus dili xarici dil kimi” dövlət imtahanına (ТРКИ) ödənişsiz vauçer təqdim olunub.

 

Mükafatlandırma mərasimində çıxış edən Məleykə Abbaszadə olimpiadaların gənclərin inkişafında, elmi biliklərə yiyələnməsində və həvəsləndirilməsində xüsusi əhəmiyyətini qeyd edib və Azərbaycandan yarışa qoşularaq müvəffəqiyyət əldə edən qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, DİM tərəfindən qaliblərə xüsusi vauçerlər verilib. Həmin vauçerlər əsasında onlar otk.az saytında müxtəlif növ sınaq imtahanlarına ödənişsiz yazıla bilərlər. Qaliblər, həmçinin buraxılış və qəbul imtahanlarına hazırlaşanlara kömək məqəsdilə DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitlərini də ödənişsiz əldə edə biləcəklər.

 

Bundan əlavə, olimpiadada uğur qazanmış namizədlər SPDU tərəfindən verilmiş vauçerlərdən istifadə edərək DİM-in təşkil etdiyi beynəlxalq TPKИ imtahanına da yazıla bilərlər.

 

Tədbirə onlayn qoşulan SPDU-nun olimpiadalar üzrə koordinatoru Svetlana Bolotseva da çıxış edərək azərbaycanlı gənclərin bu kimi beynəlxalq olimpiadalarda fəal iştirakından razı qaldıqlarını bildirib və qalibləri təbrik edib.

 

Xatırladaq ki, olimpiadada dünyanın 147 ölkəsindən 9549 nəfər (o cümlədən Azərbaycandan 293 nəfər) iştirak edib. İştirakçılardan 945 nəfər (o cümlədən Azərbaycandan 38 nəfər) uğur qazanıb.

Xəbər lenti