Dövlət İmtahan Mərkəzi və Özbəkistanın Dövlət Qulluğunun İnkişafı Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, görüş 2023-cü il oktyabrın 23-də Səmərqənddə iki qurum arasında imzalanan Anlaşma Memorandumunda əks olunan müddəaların həyata keçirilməsinə həsr olunub.
Dövlət İmtahan Mərkəzinin nümayəndələri ölkəmizdə dövlət qulluğu sahəsində imtahanların təşkili və müsabiqənin müsahibə mərhələsində iştirak edən ekspertlərin qiymətləndirmə üzrə bacarıqlarının artırılması ilə bağlı görülən tədbirlər haqqında məlumat veriblər. Görüşün davamında dövlət qulluğuna qəbulda səriştə modelinə keçid və müsabiqənin test və müsahibə mərhələlərində tətbiq edilməsi planlaşdırılan yeniliklər barədə danışılıb və bu sahədə əməkdaşlığın mümkünlüyü özbəkistanlı həmkarların diqqətinə çatdırılıb. Eyni zamanda DİM-in nümayəndələri “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı verilən sualları cavablandırıblar.
Agentliyin nümayəndələri isə Özbəkistanda dövlət qulluğunun idarə olunması və görülən işlər haqqında danışıblar. Görüşdə tərəflər arasında əməkdaşlığın aparılmasının vacibliyi vurğulanıb və gələcəkdə keçiriləcək tədbirlərdə hər iki qurumun nümayəndə heyətlərinin iştirakı məqsədəuyğun hesab edilib.