Logo

Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb

28.02.2024 13:03 212 baxış
IMG

Əqli Mülkiyyət Agentliyində “Açıq reyestr” fəaliyyətə başlayıb.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Qeyd olunub ki, “açıq reyestr”ə maneəsiz, ödənişsiz daxil ola və patent almaq istəyən şəxs onun sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə biləcək.

İlkin mərhələdə ixtiraçıların, elm adamlarının və digər marağı olan şəxslərin məlumat axtarışı apara bilməsi üçün Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində hələ ki, yalnız patentlə mühafizə olunan ixtira və faydalı modellərə dair biblioqrafik məlumatlar bazası toplanmış və ictimaiyyətin istifadəsinə verilib. Bu informasiya bazasının köməyi ilə istənilən şəxs qeydiyyata alınmış ixtiralar və faydalı modellər barədə axtarış aparmaq, patentlərin statusunu öyrənmək, patentlərin müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanır.

“Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi elektron səhifəsinə https://copat.gov.az/ müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə isə https://patent.copat.gov.az/publish-Inventions-utility-models-and-industrial-examples elektron səhifəsində tanış olmaq mümkündür. Bu zaman axtarış Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” rəsmi bülletenlərinin dərc olunduğu tarix üzrə həyata keçirilə bilər.

Hazırda “açıq reyestr”də əmtəə nişanlarının qeydiyyatı haqqında məlumatlar üzrə axtarış alətinin işə salınması ilə bağlı işlər başa çatmaq üzrədir.

Bununla yanaşı, məlumat axtarışı sisteminin təkmilləşdirilməsi işləri davam edir və növbəti mərhələdə sənaye nümunələri və coğrafi göstəricilərə dair məlumatlar da reyestrə daxil ediləcəkdir. Daha sonrakı mərhələdə isə mühafizə sənədlərinin materiallarının tam həcmli mətnlərini əhatə etməklə, reyestr üzrə məlumat axtarışı imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Xəbər lenti