Logo

Məktəbəqədər və peşə təhsili müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

27.02.2024 16:41 332 baxış
IMG

Azərbaycanda sürətli fiber-optik bağlantı ilə təmin olunan təhsil müəssisələrinin sayı artmaqdadır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisələrində İKT infrastrukturunun qurulması rəqəmsal texnologiyaların tətbiqi və şagirdlərin onlara çıxışı baxımından öz faydasını verir.

Ölkə üzrə 71 peşə və 53 məktəbəqədər təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu, öz növbəsində, informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və idarəetmə sisteminin müasir tələblərə əsasən qurulması deməkdir.

Peşə təhsili müəssisələrinin 77 faizi fiber-optik bağlantı ilə təmin edilib. Bu, tədrisin innovativ formatda təşkilini və real vaxt əməliyyatları zamanı kommunikasiyanın sürətliliyini təmin edir.

Qeyd edək ki, ATŞ ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən böyük daxili şəbəkədir. Belə şəbəkənin mövcudluğu təhsildə elektronlaşma meyillərinin gücləndirilməsi, interaktiv tədris mexanizmlərinin tətbiqi və innovativ pedaqoji yanaşmaların istifadəsi üçün münbit şərait yaradır.

Xəbər lenti