Logo

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib - FOTO

27.02.2024 10:00 185 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə institutun baş direktoru akademik İradə Hüseynova qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə və ümumən bəşəriyyətə qarşı törətdiyi cinayətlərin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Azərbaycan vətəndaşı qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Akademik İradə Hüseynova faciənin miqyasının və dəhşətlərinin sənədləşdirilməsində mərhum jurnalist Çingiz Mustafayevin xidmətlərini qeyd edib, xalqımızın Xocalı soyqırımını heç zaman unutmayacağını bildirib. O diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumlarında, gənclər təşkilatlarında və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar daimi xarakter alıb.

Akademik İradə Hüseynova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsinə, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasının döyüş meydanlarında alındığından qürurla danışıb.

Tədbirdə iştirak edən Xocalı sakini, faciənin şahidlərindən biri olan Mürvət Məmmədov həmin dəhşətli gündən bəhs edib. Əslən Qərbi Azərbaycandan olan M.Məmmədov 1988-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçüb. Xocalı qırğını zamanı ailə üzvlərini itirən M.Məmmədov erməni cəlladlarının törətdikləri qətllərdən, əsirlərə verdikləri işgəncələrdən bəhs edib.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Novruz Quliyev, bioloq alimlərdən Şahniyar Bayramov, Ələmdar Məmmədov, Nurməmməd Mustafayev, Səadət Xudaverdiyeva, Nərgiz Bayramova, Təchizat və xidmət şöbəsinin müdiri Natiq Məmmədov çıxış ediblər. Vurğulanıb ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç zaman silinməyəcək. Erməni qatilləri ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Xəbər lenti