Logo

MDU-da Xocalı Soyqırımının 32-ci indönümünə həsr olunan dəyirmi masa keçirilib - FOTO

26.02.2024 23:48 162 baxış
IMG

Fevralın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan “Böyük Qayıdışın yeni ünvanı: Xocalı!” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-nun bir qrup professor-müəllimləri, Təhsil fakültəsinin tələbə və magistrantlar iştirak edib.  

Öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhraman şəhidlərimiz və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova hər zaman Xocalı soyqırımı acısını ürəklərimizdə hiss etdiyimizi, faciə qurbanlarını dərin ehtiramla yad etdiyimizi diqqətə çatdırıb.

Xocalı soyqırımı, Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrildiyini bildirən dosent 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında Qarabağda aparılan “antiterror əməliyyatları”nda torpaqların müdafiəsində həlak olan qəhrəmanlarımızın, həmçinin Xocalı faciəsi qurbanlarının qisası alındığını, soydaşlarımızın qanının yerdə qalmadığını vurğulayıb.

Bu günün gənclərini vətənpərvər ruhla yetişdirməli, yeni nəsilə bu tarixi doğru şəkildə təqdim etməli olduğumuzu və onlara vətən sevgisinin aşılanmasının önəmli olduğunu bildirən E.Cəfərova müəllimlik ixtisaslarında oxuyan tələbələrin də üzərinə vacib məsuliyyətlərin düşdüyünü qeyd edib.

Açılış nitqindən sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etidirilib.

Sonra, dəyirmi masanın proqramına uyğun olaraq tələbələr Xocalı Soyqırımını müxtəlif faktorlardan təhlil edən çıxışlar ediblər.

MDU-nun Təhsil fakültəsinin tələbələrindən Vəfa Məmmədova “Xocalı türkün yurdudur, türkün qürurudur”, Gülnar Abdullayeva “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, Afaq Nəsibova “Xocalı: bir şəhərin üçüncü soyqırımı”, Şəhriyar Yusibova “Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini ulu öndər Heydər Əliyevin sayəsində aldı”, İlahə İbrahimzadə “Rəsmlərdən haray çəkən Xocalı”, Gülmirə Kazımova “Xocalı soyqırımının tanınması beynəlxalq siyasətdə ədalət, humanizm prinsiplərinə sadiqlik göstəricisidir”, Mehriban Qarayeva “Xocalıya ədalət kompaniyası Heydər Əliyev Fondunun prioriteti kimi”, Ayşən Abdullayeva “Xocalı faciəsi Azərbaycan təsviri sənətində”, Nurlana Rasulova “Xocalı faciəsi: bu qan yerdə qalmadı, qisası alındı” və Nurlana Mahmudova “Azərbaycan dövlətinin prioritet məsələsi: Xocalıya, Qarabağa “Böyük Qayıdış” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdim olunan məruzələr maraqla qarşılanıb.

Qeyd edək ki, Xocalı Soyqırımının otuz ikinci ildönümü MDU-da müxtəlif formatlı tədbirlərlə anılır.

Xəbər lenti