Logo

Rəsədxanada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26.02.2024 20:40 150 baxış
IMG

Fevralın 26-da Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Şamaxı və Bakı bölmələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən baş direktor Namiq Cəlilov bir sıra Avropa ölkələrinin ikili standartlarından, Xocalı soyqırımına lazımi qiymət verilməməsindən danışıb. Alim bildirib ki, Ermənistanın Xocalıda törətdiyi vəhşiliklər, Azərbaycana hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Xocalıda törətdiyi hərbi cinayətə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Bu, Azərbaycandan onlara heç bir təhdid və təhlükə olmadığı halda 2023-cü ildə öz xoşları ilə ölkəni tərk edən ermənilərin dinc köçünə “etnik təmizləmə”, yaxud “humanizm böhranı” adı verən “humanist” dövlətlərin ən azı humanistlik borcudur. Çünki erməni silahlılarının təcavüzü, amansız qətliamları nəticəsində Xocalıdan və ümumilikdə Qarabağdan didərgin düşən məcburi köçkünlərlə müqayisədə, ermənilərin könüllü və təhlükəsiz köçü heç bir humanizm tərəzisində ağır gəlməz. Son olaraq Namiq Cəlilov qeyd edib ki, ilahi ədalətin bərqərar olacağı günədək xalqımıza qarşı törədilmiş qanlı hadisələrin daim təbliği hər kəsin vətəndaşlıq borcudur.

Sonra rəsədxananın Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri Kamal Hüseynov erməni silahlıları tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımının acı statistikasını xatırladıb. Bildirib ki, həmin qanlı hadisədə ermənilərin törətdiyi vəhşilik nəticəsində Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Daha sonra Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi Əyyub Quliyev çıxış edərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi qiymət verilib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis fevralın 26-nı “Xocalı Soyqırımı Günü” elan edib.

Xəbər lenti