Fevralın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ali təhsil müəssisəsindəki abidəsinin və “Zəfər guşəsi”nin önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərin xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Bu il Xocalı faciəsinin ildönümünü daha fərqli ovqatda qeyd edirik. Xocalı yarası heç zaman sağalmaz olsa da, bu torpaqda üçrəngli bayrağımızın dalğalanması bir daha sübut edir ki, Azərbaycan xalqı yenilməz, məğrur xalqdır.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri Dəyanət Musayev Xocalı soyqırımı və sonrakı proseslər haqqında fikirlərini söyləyərək, hadisəyə düzgün siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyev faktorunun vacibliyini vurğulayıb.
Tədbirin sonunda Filologiya fakültəsinin III kurs tələbəsi Aytac Muradlı Mahirə Nağıqızının “Şəhidlər” şeirini səsləndirib, Xocalı dəhşətlərini özündə əks etdirən videoçarxlar izlənilib.