Logo

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26.02.2024 18:19 149 baxış
IMG

AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının hazırladığı “Xocalı fəryadı” sənədli filmi nümayiş olunub.

Tədbirdə müəssisənin Qadınlar Təşkilatının sədri Aynur İbrahimova Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Xocalıda törədilən soyqırımı aktı bəşər tarixində ən qanlı səhifələrdən biridir. Bu dəhşətli faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələnib. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalı, bu qanlı cinayətin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq”, – deyə A.İbrahimova bildirib.

Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri Mətanət Abbasova çıxışında Xocalı soyqırımının insanlığa sığmayan cinayət olduğunu qeyd edib. Məruzəçi bildirib ki, Xocalı qətliamına kimi dünya tarixində Benqal soyqırımı, Holokost qırğını, Ruandada baş vermiş hərəkat və Kambocada törədilən soyqırımı kimi faciələr olub. Lakin heç bir soyqırımı faktında Xocalıdakı kimi bir gecədə bir şəhər tamamilə yerlə-yeksan edilməyib, insanlar canlı-canlı torpağa gömülməyib, insanlığa zidd hadisələr törədilməyib. Xocalı soyqırımının baş verməsi əslində iki əsrdən artıq davam edən erməni-müsəlman (türk) münasibətlərinin bir həlqəsi idi. “Bu faciə qanlı bir tarix olsa da, bizim xalq olaraq, millət olaraq şərəfimizə, heysiyyətimizə toxundu, xalqın ruhunu titrətmək, inqilabi ruhu formalaşdırmaq üçün həm də bir istinad nöqtəsi oldu”, – deyə M.Abbasova bildirib.

İnstitutun elmi katibi Elçin Abbasov ermənilərin etnik təmizləmə siyasətindən danışıb. O, ermənilərin törətdiyi Ağdaban, Malıbəyli, Quşçular qətliamlarının Xocalı soyqırımı ilə bir silsilə təşkil etdiyini vurğulayıb.

Dədə Qorqud şöbəsinin müdiri Ramazan Qafarlı çıxış edərək bildirib: “Biz Xocalı soyqırımını heç vaxt unutmamalı, həqiqətləri gələcək nəsillərə çatdırmalı, həmin hadisələri əbədiləşdirmək üçün filmlər çəkməli, abidələr ucaltmalıyıq”.

Türk xalqları folkloru şöbəsinin müdiri Əfzələddin Əsgər və həmin şöbənin böyük elmi işçisi Qumru Şəhriyar Xocalı soyqırımı ilə bağlı təəssüratlarını bölüşüblər.

Xəbər lenti