Logo

Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib - FOTO

26.02.2024 16:00 237 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Elmi şuranın genişləndirilmiş iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. Bu gün Azərbaycan xalqının formalaşan yeni reallıqlar mühitində inamla öz inkişafının növbəti mərhələsinə qədəm qoyduğunu, bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə xalqımızın Xocalı şəhidlərinin xatirəsini qürurla yad etdiyini, Azərbaycanın hər yerində, o cümlədən Xocalı şəhərində üçrəngli bayrağımızın dalğalandığını söyləyib.

Sonra institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva çıxış edərək 1992-ci ilin fevralında baş verən mühüm tarixi faktları qeyd edib. O, Azərbaycanın Milli Qəhrəmanları - Qarabağ cəngavəri Əlif Hacıyevin, jurnalist Çingiz Mustafayevin qəhrəmanlıqlarından danışıb. Bu faciənin dünyaya çatdırılması istiqamətində görülən tədbirlərdən söz açıb.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ülviyyə İsmayılova və Sevda Abdalova, Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov çıxış ediblər. Onlar bu faciənin əsrin ən dəhşətli faciələrindən biri və xalqın sağalmayan yarası olduğunu vurğulayıblar.

İclasdan sonra faciə qurbanları və bütün şəhidlərimizin əziz xatirələri yad edilib. Xocalı abidəsi ziyarət edilərək onların ruhlarına dualar oxunub.

Xəbər lenti