Logo

Şərqşünas alim Kembric Universitetində beynəlxalq konfransda iştirak edib

26.02.2024 09:55 164 baxış
IMG

AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 24-25 fevral 2024-cü il tarixlərində Böyük Britaniyanın Kembric Universitetində keçirilən “Yenidən qurulmuş modernizm” adlı fənlərarası konfransda iştirak edib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, fənlərarası konfransın məqsədi ədəbiyyatşünaslıq, psixologiya, fəlsəfə, mediaşünaslıq, incəsənət tarixi, memarlıq və s. kimi sahələrdə müşahidə olunan modernizm və yaxud müasir mədəniyyət hadisələri ilə bağlı mövzular üzərində çalışan tədqiqatçıları bir araya gətirmək və sualları cavablandırmaqdır. Bu istiqamətdə bir sıra suallar var ki, onlardan biri belədir: “Bu gün modernizmin davamını və ya “ikinci dalğasını” yaşadığımızı deyə bilərikmi?”

Azərbaycanlı alim “Modernləşmə: yeni media və şəbəkə sosiallığı” mövzusunda məruzə ilə çıxış edib.

Professor məruzəsində qeyd edir ki, innovativ modernləşmə yeni tip cəmiyyətə sistemli keçid tələb edir. R.Rzayeva vurğulayıb ki, bu gün kütləvi informasiya vasitələri biliyin və digər sosial əhəmiyyətli informasiyanın bilavasitə daşıyıcısı, xüsusən də yayıcısı kimi dövlət-siyasi, sosial-mədəni və digər sahələrin transformasiyasında, müvafiq olaraq cəmiyyətin müasirləşməsində mühüm rol oynayır. Məruzədə həmçinin bildirilir ki, müasir dövrdə proseslər, hadisələr, faktlar media müstəvisində qiymətləndirilir. Bu kontekstdə R.Rzayeva informasiya inqilabı nəticəsində medianın cəmiyyətdəki rolunun dəyişməsinin beynəlxalq mühiti dəyişdiyini, yeni mənalar yaratdığını qeyd edib. Müasir dövrdə yeni sosial və kommunikativ münasibətlərin yaradılması, müasir informasiya cəmiyyətinin tədricən şəbəkə kommunikasiyaları cəmiyyətinə çevrilməsi vasitəsi kimi internet resurslarının prinsipial yeni rolu meydana çıxır.

Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.

Xəbər lenti